Müəllimlərin əməkhaqqı artırıldı

13:31 09-01-2017 | icon 1098
Müəllimlərin əməkhaqqı artırıldı

"2017-ci il yanvarın 1-dən dövlət ümumi təhsil müəssisələrində çalışan 38 minə yaxın müəllimin əməkhaqqı artırılıb". Yekunxeber.az bu barədə Təhsil Nazirliyinin saytına istinadən məlumat yayıb. Bildirilib ki, bu artım ötən ilin noyabr-dekabr aylarında ölkənin 26 şəhər və rayonunda diaqnostik qiymətləndirilmədən keçən və dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərə şamil olunacaq: "Azərbaycan Respublikası Prezidentinin “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” 16 yanvar 2015-ci il tarixli 994 nömrəli sərəncamında bu kateqoriyadan olan müəllimlərin həftəlik dərs yükü normasının 1,5 dəfə, aylıq vəzifə maaşının 2 dəfə artırılması nəzərdə tutulub.

Bununla da əməkhaqqının artımı dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin 70 faizini əhatə edəcək.

2017-ci ildə diaqnostik qiymətləndirmə keçirilməyən bölgələrdə bu prosesin təşkili və imtahandan keçən müəllimlərin 2018-ci il yanvarın 1-dən etibarən əməkhaqqının artırılması nəzərdə tutulur.

Bu islahat başa çatandan sonra müəllimlərin peşə nailiyyətlərinə, iş təcrübəsinə və bir sıra digər meyarlara əsaslanan diferensiallaşdırılmış əməkhaqqı sisteminin tətbiq olunması məsələsi müzakirə olunacaqdır".