Tramp ilk müharibəni Qarabağda başlayacaq - AVRASİYANIN İŞĞALI PLANI

23:22 10-01-2017 | icon 3893
Tramp ilk müharibəni Qarabağda başlayacaq - AVRASİYANIN İŞĞALI PLANI

“Qafqaz və Qara dəniz bölgəsi yeni müharibənin məkanı ola bilər”.

Publika.az xəbər verir ki, bu barədə erməni politoloq İqor Muradyan deyib.

Onun sözlərinə görə, ABŞ-da Donald Trampın prezident seçilməsi ilə kiçik inqilab oldu:

“Amerika həmişə qlobalizmə üstünlük verib, regionalizm onlar üçün əsas olmayıb. Lakin görünür, indi situasiya dəyişib. Konkret, Cənubi Qafqazın əsas hədəf olduğunu demək çətindir. Amerika çox istəyər ki, Cənubi Qafqazda Ermənistan da Rusiyanın təsirindən çıxsın. Lakin ruslar buna imkan verməyəcəklər. İndi qarşıdurmanın yeni sahəsi yaranır”.

Erməni politoloqun fikrincə, bu, Qafqaz-Qara dəniz bölgəsidir.

“Rusiya ümid edir ki, Amerika bu bölgədə qarşıdurmaya getməyəcək. Lakin bu olacaq. Çünki Tramp ABŞ-ın xarici siyasəti ilə məşğul olmayacaq. Amerikanın xarici siyasətini iki qrup yerinə yetirəcək: realistlər və neokonservatorlar. Onlar Qafqaz-Qara dəniz bölgəsində hakim olmaq siyasətini izləyəcəklər”, - deyə o bildirib.

Qafqaz-Qara dəniz bölgəsində qarşıdurmanın başlayacağı nöqtələr hara ola bilər?

İ.Muradyan bu haqda konkret nəsə deməyin çətin olduğunu bildirib:

“Lakin müharibə olacaqsa, bunun mütləq Dağlıq Qarabağdan başlayacağını proqnozlaşdırmaq mümkündür”.

Qeyd edək ki, Qafqaz-Qara dəniz zolağı Orta Asiyaya əsas çıxış hesab olunur. Bu zolağa hakim olan güc Avrasiya üzərində təsir imkanlarını genişləndirə bilər. Amerikalılar indiyə qədər bunun üçün çox çalışsa da, ruslar onlara imkan verməyib.