Birinci xanım qızları ilə şənlikdə – FOTO

22:45 29-12-2016 | icon 21
Birinci xanım qızları ilə şənlikdə – FOTO

Dekabrın 29-da Heydər Əliyev Fondu Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları ərəfəsində “Buta” sarayında uşaqlar üçün ənənəvi şənlik təşkil edib.

Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva uşaqların bayram şənliyində iştirak ediblər.

Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanan proqram təqdim olunub. 

Bayram şənliyində çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva dedi:

“Hörmətli müəllimlər, çox hörmətli valideynlər, hörmətli sənətçilər, əziz uşaqlar.

2016-cı il son günlərini yaşayır. Biz bu gün yeni 2017-ci ili birgə qarşılayırıq. Mən çox şadam ki, artıq 12 ildir Heydər Əliyev Fondu paytaxtımızda yerləşən bütün uşaq evlərində, internat məktəblərində yaşayan, tərbiyə və təhsil alan uşaqlar üçün yeni il şənlikləri təşkil edir. Yeni il həm uşaqların, həm də böyüklərin ən sevimli bayramlarından biridir. Adətən bu bayramı insanlar doğmaları və əzizləri ilə bərabər qeyd edirlər. Mən çox şadam ki, bu gün biz böyük bir ailə, ən əziz insanlar kimi 2017-ci ili birgə qarşılayırıq.

Əziz uşaqlar, ömrünüzün bu çağında sizin ən əsas vəzifəniz yaxşı oxumaqdır, bilik, savad qazanmaqdır. Mən ümidvaram ki, siz bu ili yaxşı qiymətlərlə və ən əsası da yeni biliklərlə başa çatdırırsınız. Sizin qarşınızda böyük ömür yolu var. Bu ömür yolunda layiqli, sağlam, savadlı, bacarıqlı vətənpərvər insan olmaq üçün bu gün tam gücünüzlə təhsil alıb oxumalısınız. Bu yolda sizə müəllimləriniz kömək edir. Bu gün Azərbaycanın bütün müəllimlərinin əməyini qeyd etmək istəyirəm. Bütün peşələr dəyərlidir, qiymətlidir, gözəldir. Lakin müəllimlik elə bir peşədir ki, onun məhsulu insandır. Biz bilirik ki, hər bir ölkənin, hər bir cəmiyyətin gələcəyi onun yeni nəslindən asılıdır. Ona görə müəllimlik ən müqəddəs, ən şərəfli peşədir. Təkcə hansısa bir fənni tədris etməklə, bilik verməklə müəllimin vəzifəsi bitmir. Müəllim səylərini yüksək mədəniyyətə, milli-mənəvi dəyərlərə, geniş dünyagörüşünə malik olan, xalqa, Vətənə layiqli, vətənpərvər vətəndaş böyütməyə yönəldir. Mən əminəm ki, əziz uşaqlar, siz məhz belə insanlar kimi böyüyəcəksiniz. Bizim arzumuz sizləri mənəvi və fiziki sağlam, savadlı, bilikli, mədəniyyətli, güclü, iradəli vətənpərvər görməkdir. Siz müstəqil Azərbaycanda doğulmusunuz və müstəqil Azərbaycanda böyüyürsünüz. Bu, sizin ən böyük xoşbəxtliyinizdir.

Ötən 2016-cı ildə Azərbaycan müstəqilliyinin bərpa olunmasının 25-ci ildönümünü qeyd etdi. Bu, bizim ən böyük sərvətimizdir. Azərbaycan bu illər ərzində böyük və şərəfli yol keçib, böyük nailiyyətlər əldə edib, böyük qələbələrə imza atıb. Biz fəxr edirik ki, Azərbaycan müstəqil, qüdrətli, dünya xəritəsində öz layiqli yerini tutmuş, öz sözünü söyləyən və maraqlarını qoruyan bir dövlətdir. Ötən il yaddaşımızda həm xoş anlarla, yeni nailiyyətlərlə, yeni qələbələrlə, həm də çətinliklərlə, çətin anlarla, itkilərlə qalacaq.

Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün bərpası, ölkəmizin daha qüdrətli, daha möhkəm olması yolunda şəhid olmuş bütün insanlara Allah rəhmət eləsin. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq. Siz gənc nəsil onların əməllərini, ideyalarını həyata keçirəcəksiniz.

Mən bu gün artıq 12 ildir ki, bizim bu şənliklərə dəstək verən Azərbaycanın sənət adamlarına, bütün müğənnilərə, artistlərə öz dərin minnətdarlığımı bildirirəm. Mən sizə Yeni ildə cansağlığı, yeni nailiyyətlər arzulayıram.

Əziz dostlar, sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, yeni nailiyyətlər arzulayıram. Qoy, Azərbaycan müstəqilliyimizin əbədiliyi naminə yaşasın, daim yaşasın, güclənsin! Çox sağ olun, sizi təbrik edirəm”.

S.B.